Ermənistanın Qarabağa tətbiq etdiyi “İsgəndər-M” operativ-taktiki raketləri ilə bağlı cinayətin üstünün açılması istiqamətində müzakirələr səngimir. Maraqlıdır, Azərbaycana qarşı beynəlxalq cinayətə yol verilməsi faktı ətrafında səngiməyən bu müzakirələr, araşdırmalar ermənilərin Qarabağda tətbiq etdiyi operativ-taktiki raket komplekslərinin “izini” hara aparacaq?
Hərbi ekspert Şair Ramaldanov “Həftə içi”nə şərhində bildirib ki, tədqiqatlar davam edir, faktlar “İsgəndər M” raketinin izlərini Rusiyaya aparır.
“Bu, Rusiya istehsalı olan raketdir və cavabdehlik də Rusiya dövlətinin üzərindədir. Raketlə bağlı məsələ Ermənistanda qaldırılandan bu qalmaqal və söz-söhbətlər səngimir. Ekspertlər Ermənistanın belə bir silahdan istifadə etməyə icazəsinin olmadığını bildirdilər. Biz 44 günlük müharibə zamanı Azərbaycanda Gəncəyə, Bərdəyə, Abşerona atılan ballistik raketlərin düşmənin törətdiyi cinayətkar əməllər olduğunu bilirdik. Bu raketlərin düyməsinin harada basılması, Ermənistana hansı ölkədən göndərilməsi mübahisəli məqam kimi araşdırılır”.
Ş.Ramaldanov bir sıra iddialara görə, həmin raketlərin Qırmızı bayraqlı Suvorov ordenli Cənub hərbi dairəsinin anbarlarından qanunsuz əldə edilib, Livan və Rusiya bankları üzərindən ödəniş həyata keçirilməklə qeyri-leqal olaraq Ermənistana ötürülməsi ilə bağlı ortaya atılan məsələlərlə bağlı araşdırılmanın bitmədiyini və dəqiq müəyyənləşdirilmə aparılmadığını deyib. Ekspert digər tərəfdən, Azərbaycanın Şuşaya raketin atılması ilə bağlı məlumatların olmadığını da vurğulayıb. Şuşada böyük partlayış, dağıntıların olmaması səbəbindən bu raketin həmin əraziyə düşməsi ilə bağlı da mübahisələrin olduğunu deyib.
“Hər halda bildirilir ki, raket Şuşaya yaxın ərazidə də düşüb, ətraf yerlərə dağıla bilər. Raketin qalıqlarının həmin ərazilərdə aşkarlanması və o yerlərə necə düşməsi barədə çoxlu sual var. Fakt odur ki, “İsgəndər”ə aid olan qalıqlar Azərbaycan ərazisindədir. Digər tərəfdən də bu raketin məhz Rusiyanın məhsulu olduğu göstərilir. Rusiyanın özündən də rəsmi açıqlama yoxdur. İstintaq gedir və düşünürəm ki, bu barədə dəqiq məlumatlar olacaq. Hər halda bu araşdırmaların hara aparacağı, kimin iştirakçılığının nə olduğu müəyyənləşdiriləcək”.
Hərbi ekspert bildrir ki, burada hansı cinayətlərin olması istintaqdan sonra məlum olacaq.